“Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Nəticəyə görə çox sevinirəm. Sevinirəm ki, kiçik problemi olan oyunçular da bizə qoşulublar. Yeni futbolçularımdan razı qaldım. Oyundan-oyuna daha da yaxşı olmalıyıq. Bundan əvvəlki matçdan sonra da demişdim ki, çoxlu zədəli futbolçularımız var idi. İmkan olmadı ki, bütün komanda ilə yoldaşlıq oyunlarına çıxaq. Bu gün keçirilən oyunda qazanılan qələbə çox vacib idi. Növbəti oyunlara köklənməliyik.
Azarkeşlərin dediklərini şərh edə bilmərəm. Öz tərəfimdən deyə bilərəm ki, Emin Mahmudov nümunəvi oyunçudur. O, kapitanımızdır. Çox vacib oyunçudur.
Mən indi cavab olaraq ikinci yerdə qərarlaşacağımızı desəm, inanacaqsınız? Mən azarkeşlərin yazdıqlarına şərh verməyəcəm. Biz məğlub olanda onların üzülməsi normaldır. Sonda hər şeyi görəcəyik.
Stabilliyi qoruyub saxlamaq üçün oyunçular və davamlılıq lazımdır. Onların bir yerdə oynaması vacibdir. Ehtiyat oyunçular skamyası da yaxşı oyunçulardan təşkil edilməlidir. Hər oyunda görə bilərsiniz ki, 5-6 oyunçu ehtiyatda oturur. Onlar əzmkarlıq nümayiş etdirməlidirlər. Belə olduqda onlar da inkişaf edəcəklər və daha da yaxşı çıxış edəcəklər. Çalışırıq ki, oyundan-oyuna daha da yaxşı çıxış edək.
Yusuf Laval və Qodsvey Donyonu itirəcəyimizi biz də gözləmirdik. Planlarımızda 3 yeni oyunçunu cəlb etmək var idi. Davamlılıq transferlərə də aiddir. Gələn oyunçular da ən azı 1 il oynamalıdır ki, öyrəşə bilsinlər. Çempionata öyrəşməlidirlər. Bu, bizim tərəfdən olan məsələ deyildi. Donyo qalmaq istəmirdi. Yusuf yaydan müqavilə imzalamışdı. Onların qalması rəqabəti artıracaqdı. Bu durum üzərində işləyirik. Yeni bir oyunçu daha transfer edəcəyik.
Qışda komandaya neçə oyunçu transfer edə bilərik? Hücumçu, müdafiəçi, vinger cəlb etdik. Düşünməyin ki, arxamızda qızıl bankı var. Bizim müəyyən büdcəmiz var. Söhbət təkcə futbol komandasından getmir. İstəyirik ki, hamı xoşbəxt olsun. Ən yaxşısını etməyə çalışırıq. Futbol kənardan başqa cür görünə bilər. Heç də asan məsələlər deyil”.