"Oyuna çox pis başladıq. Rəqibə qolları hədiyyə etdik. Bu cür penalti yolverilməzdir. Buraxılan ikinci qolda da, oyunçumuz böyük səhvə yol verdi. İkinci qoldan sonra geridönüş etmək çətin oldu. Kenni Sayef ikinci hissədə qola yaxın idi. Ancaq epizoddan yararlana bilmədi. Təlim-məşq toplanışı zamanı çoxlu problemimiz oldu. Bu, zədəli futbolçularla bağlıdır. Yeni oyunçuların komandaya uyğunlaşmasına çalışırıq. Onlar bizə gec qoşulublar. Belə futbolçuların bizimlə olmasına görə çıx şadıq. Güclü komanda yaratmaq niyyətindəyik. Məqsədimiz kuboku qazanmaqdır. Yayda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik".
Offsideplus.az xəbər verir ki, bunu "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 19-cu turunun "Sabah"la görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Demək olar ki, komandanız mübarizə aparmadı?
- Xeyr. Bu cür penaltidən sonra oyuna qayıtmaq çətin olur. Solomon Kvirkveliya üçün bəxtsiz an idi. Rəqib evdə oynayırdı. Matçın 6-cı dəqiqəsində bu cür hədiyyə aldılar. Hər iki komanda mübarizə apardı. Bu gün bizim günümüz deyildi.
- Hakimliklə bağlı fikriniz necədir?
- Hakim haqda danışmalı deyilik. Çünki o, Azərbaycanın ən yaxşı hakimidir.
- "Qarabağ" və "Sabah"a qarşı keçirdiyiniz 5 oyunun hamısında məğlub olmusunuz. İddialı rəqiblərlə matçlarda komandamızın belə zəif görünməyinin səbəbi nədir?
- Güclü olmaq üçün əziyyət çəkməlisən. Komandanı qurmağa çalışırıq. Vaxta ehtiyacımız var. "Qarabağ"ı yadınıza salın. Komandanı bu hala gətirmək üçün illər lazım olub. Yaxşı strategiyamız var. Gəncləri komandaya cəlb etmək niyyətindəyik. Bunun nəticəsini görəcəyik.
- Siz gələnə qədər "Neftçi" "Sabah"a cəmi bir dəfə uduzmuşdu. Artıq bu komandaya dörd məğlubiyyətiniz var. Onlarla oyundakı uğursuzluğunuzun səbəbi nədir?
- Keçən ilki "Sabah"la bu ilki arasında böyük fərq var. Daha yaxşı oynamağa başlayıblar. Bu il bir oyunumuz daha var. Həmin matça daha hazırlıqlı olacağıq.