"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində Polşanın "Medz Leqnisa" klubuna 1:2 hesablı məğlub olduqları yoxlama matçından sonra komandanın hazırlığı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis klubun televiziyasına açıqlamasında deyib:
"Nəticə önəmli deyil. Addım-addım çalışırıq ki, zədəli oyunçuları bərpa edək. İstəyirik ki, komandanı ilk rəsmi oyuna hazır edək. Zədəlilərin qayıdışına görə çox xoşbəxtəm. Onlara kömək etməliyik ki, qayıtsınlar və komandanın ritminə uyğunlaşsınlar. Sezar Meza Kolli uzun müddət idi oynamırdı. Hazırda ağrısızdır. Düşünürəm ki, gələcəkdə problem olmayacaq. Voyslav Stankoviçin də müalicəsi bitib və bizimlədir. Problemlərimiz var. İnanıram ki, getdikcə daha yaxşı olacağıq".
Regekampf Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacaqları "Sabah"la oyun barəsində də danışıb:
"Ümid edirəm ki, bütün oyunçular bu matça qədər hazır olar. Bu, asan olmayacaq. Məşqlər bizim üçün önəmlidir. Yoxlama oyunlarının nəticəsinin əhəmiyyəti yoxdur. Bilirəm ki, "Sabah"la oyun çətin olacaq. Mənim üçün önəmli olan təlim-məşq toplanışını zədəsiz bitirək".