"Neftçi" Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb.
- Yaxşı oyun idi, həm azarkeşlər həm də izləyicilər üçün. Açıq oyun oldu, bizə qarşı sərt oynayırdılar. Bu məndə sual doğurdur, biz evdə oynayırıq, amma bizə qarşı kobud oynayırlar. Lakin yalnız bizim komandanın oyunçuları sarı vərəqə alır. İki epizodda “Qəbələ”nin şansı yarandı. Bizdə də çoxlu qol şansları vardı. Oyuna fokuslanmalı və oyunu daha tez bağlamalıyıq.
- Komanda qeyri-stabil oyun göstərir. Bu nə ilə bağlıdır, oyunçuları motivasiya edə bilmirsiz?
- “Sumqayıt”la oyun təsadüf idi. Biz də üzülürük, iki xal itirdik. Hazırda zədəli oyunçularımız var, başqa seçim yoxdur. Ola bilsin ki, Sayefi itirdik. Mbocun durumu bəlli deyil. Bu məsələlərdə problemlərimiz var. Qışa qədərə xal qazanmağa çalışacağıq. Qışda daha çox hazırlaşmağa, komandaya köməyi dəyəcək futbolçuları cəlb etməyə çalışacağıq.
- Komanda qələbə qazanıb, amma məyus görünürsünüz...
- Məyus deyiləm, daxilən sevinirəm. “Qəbələ”nin oyunda yaratdığı epizodlar ağlımdan keçir, bunların olmaması gərəkdiyini düşünürdüm. Özümüzün və rəqibin yaratdığı qol epizodlarını düşünürəm. Məyus görünməyim bu şeyləri düşünməyimdən irəli gəlir.
- Donyo etimadınızı doğruldur?
- Hazırda əlimizdə olan oyunçular bizim üçün qızıl kimidir. Hər şeyə pozitiv yanaşmalıyıq. Dekabra qədər oyunlarımız var, hazırda dəyişəcəyimiz şey yoxdur. Donyoya gəlincə, yaxşı oynadı. Əzmkarlığı gələcək üçün inam yaradır.
- “Qarabağ”la fərq 10-a çatıb. Çempionluqdan uzaqlaşdığınızı düşünürsüz?
- Son oyuna qədər mübarizə aparacağıq. Xal fərqi məni maraqlandırmır. Biz digər komandalara fikir verməli deyilik, güclü komanda qurmalıyıq.
- Sabah “Qarabağ” “Sabah”la oynayacaq. Hansı nəticə sizin üçün sərf edəcək?
- Bizim üçün ən vacib olan ikinci yeri qaytarmaqdır. Əlbəttə ki, heç heçə olsa dsərf edər. Lakin bu mümkünsüzdür, hər iki komanda qələbə qazanmaq istəyəcək.
- “Sabah”ı dəstəkləyirsiz?
- “Neftçi”ni dəstəkləyirəm.