"Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampf "Styaua" komandasının baş məşqçi namizədləri arasında olmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Rumıniya klubuna mümkün qayıdışı barədə Playsport.ru saytına bu açıqlamanı verib:
"Bu məsələ ilə bağlı fikir bildirmək istəmirəm. Çünki deyəcəyim hər şey iddialara səbəb ola bilər. Bu klub əbədi olaraq mənim qəlbimdədir, Cici Bekaliyə hörmət edirəm. Komandada nə edilməsi gərəkdiyini bilən insanlar var. "Styaua" mövzusunda söz-söhbətlərə səbəb olmaq istəmirəm".
Klubun prezidenti Cici Bekali isə Regekampfın "Neftçi"də yüksək məbləğdə maaş aldığını diqqətə çatdırıb: "Onun komandası var, ümumiyyətlə Laurentsiu barəsində danışmamışıq. Orada böyük məvacib alır, bilmirəm, bir milyon yoxsa yarısı. Nəyi müzakirə edə bilərik?"
Qeyd edək ki, "Styaua" klubu baş məşqçi Nikolae Dikanı istefaya göndərdikdən sonra yeni mütəxəssis axtarışındadır.