"Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, komandasının qələbəsi barədə bunları deyib:
- Oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdən nə istədiyimizi göstərdik. Topa nəzarət bizdə idi. Topu itirdikdə də dərhal pressinq tətbiq edirdik. Uduzduğumuz son 2 oyunda məhz bu cür məqamlar çatışmırdı. Buna görə də futbolçularla söhbətimiz olmuşdu. Onlara demişdim ki, xarakter göstərmək lazımdır. Komandamızın gücü var və bunu göstərməliyik. Futbolçularımı bugünkü qələbə münasibəti ilə təbrik edirəm. Bu cür davam etməliyik. Təəssüf ki, Azər Əliyev yenidən zədələndi. Bu, uğursuzluq, bəxtsizlikdir. Onun adına üzülürəm. Digər tərəfdən də Azər Salahlı qayıtdı. Əvvəldən Salahlını 75 dəqiqə oynatmaq fikrimiz yox idi. Amma məcburiyyətdən bunu etdik. Vato Arveladze de zədədən qayıdıb və bu gün özünü yaxşı tərəfdən göstərdi. Artıq növbəti oyunlara hazırlaşmalıyıq.
- Qeyd etdiniz ki, “Neftçi”nin hər oyunda qələbə qazanmağa potensialı var. Bəs bunu reallaşdırmaq üçün nə çatışmır?
- İlk edəcəyimiz şey qaçmaq, meydanda mübarizə aparmaqdır. Komanda olmalıyıq. Bundan sonra isə futbolçuların keyfiyyəti gəlir. Bu gün rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Hücumda topu itirsək də, müdafiədəki futbolçularımız lazımi yerdə olub topu yenidən alırdılar. “Sabah”la oyunda bu çatışmırdı.
- Azər Salahlı uzun müddətdən sonra meydana qayıtdı. Onun əvvəlki formasını tam bərpa etməsi üçün nə qədər vaxta ehtiyac var?
- Əslində, o, addım-addım komandaya qayıtmalıdır. Bu gün məcburiyyətdən onu çox oynatdıq. Lakin başqa çıxış yolumuz yox idi. Düşünürəm ki, Azər oyundan oyuna daha da inkişaf edəcək. O, bizim üçün ciddi oyunçudur. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Əminəm ki, Salahlı tezliklə əvvəlki formasını bərpa edəcək.