Misli Premyer Liqasının 11-ci turu çərçivəsində bu gün “Neftçi” öz meydanında “Sabah”a 2:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf komandasının məğlubiyyəti barədə danışıb:
- Bizim üçün çətin vəziyyətdir. Bir neçə zədəli futbolçumuz var idi. Bu gün isə həm zədəlilərimiz oldu, həm də cəzalılarımız. Bütün bunlara baxmayaraq, bu gün “Sabah”a qarşı yaxşı oynamağa çalışdıq. Səmimi demək lazımdır ki, rəqib hazırda yaxşı dönəm keçirir. İlk yarıda komanda tapşırıqları tam yerinə yetirə bilmədi. Caberin, Donyonun qol şansları var idi. Lakin faydalana bilmədik. Bütün bunlara rəğmən, ilk yarını 0:2 hesabı ilə geridə bitirdik. Fasilədən sonra üçüncü qolu buraxmalıydıq ki, komanda ayılsın. Son 20 dəqiqə təzyiq yaratdıq. “Sabah”ın futbolçuları yerdə uzanıb vaxt aparırdılar. Biz azlıqda oynayırdıq. Bir qədər bəxtimiz gətirsəydi, oyunu 3:3 hesabı ilə bitirə bilərdik. Bu gün məğlub olduq və 3 oyunçumuzu itirdik
- Bugünkü nəticəni ədalətli sayırsınız?
- Ədalətli nəticə o zaman deyərdim ki, hakim oyun epizodları zamanı hər iki tərəfə qarşı ədalətli olardı. Bəzi hallarda eyni epizodlarda bizim əleyhimizə cərimə versə də, bizə qarşı eyni addımı atmırdı. Artırılmış 8 dəqiqənin heç 2 dəqiqəsini futbol oynamadıq.
- Bu gün “Neftçi” cari mövsümdə ilk dəfə öz meydanında uduzdu...
- İndi çox söz demək, xeyli səbəb gətirmək olar. Təbii ki, evdə uduzmağımız yaxşı hal deyil. Hazırda bir neçə aparıcı futbolçumuzun xidmətindən yararlana bilmirik. Onların yerlərini doldurmaq üçün mövqeləri dəyişməyə məcbur oluruq. Bu da müəyyən çətinliklər yaradır. Heyətlə bağlı bu cür problemlər yaşayacağımızı gözləmirdik. Məşqlərdə bəzən sıxıntı yaşayırıq. Bəzən 12-13 futbolçu ilə məşq etməli oluruq. Bütün bunlara baxmayaraq, komandamın bu gün son 20 dəqiqə göstərdiyi oyundan, mübarizə əzmindən razı qaldım.
- “Neftçi” mövsümün startından əsas rəqibləri ilə 3 oyunun 3-də də uduzub. Bunun səbəbi nədir?
- Bu oyunlara fərqli baxmaq lazımdır. Düzdür, hər 3 oyunda uduzduq. Lakin “Sabah”la ilk oyunda hesab 0:0 olarkən 3 real qol epizodunu boşa vermişdik. 46-cı dəqiqədə qol vurub hesabda önə keçmişdik. Bu qol komandaya özünəinam verməliydi. Amma bundan yararlana bilmədik və yekunda uduzduq.
“Qarabağ”la oyuna gəldikdə, ilk 45 dəqiqə yaxşı oynadıq, fasiləyə üstün yollandıq. Lakin sonradan uduzduq. Bilirsiz ki, komandanı qurmaq üçün vaxta ehtiyac var. Hazırda bəhanə gətirmək istəmirəm. Bəli, 3 oyun uduzmuşuq. Amma “Qarabağ” və “Sabah”la yenə oyunlarımız var. Bundan sonra daha əzmli çalışmalıyıq. Artıq qış fasiləsi ilə bağlı rəhbərliklə də söhbətimiz olub. Əminəm ki, komandamız tezliklə daha yaxşı duruma gələcək.
- Son 4 oyunda “Neftçi”nin parlaq çıxış etməməsini sizin Rumıniyada yaşadığınız problem, psixoloji cəhətdən yaxşı durumda olmamağınızla bağlamaq olar?
- Əgər səbəb axtarırsınızsa, bu, sizin fikrinizdir. Lakin mən razı deyiləm. Futbolçularım zədələnibsə, buna qarşı heç nə edə bilmərəm. Aparıcı futbolçuların yoxluğunu qısa zamanda əvəzləmək çox çətindir.
- Zədəlilərin çoxluğunu fiziki yüklənmə ilə əlaqələndirmək olar?
- Xeyr, oyunçuların heç biri məşqdə zədələnməyib. Azər Salahlı oyunda zədələndi, ayağı qırıldı. Eddi meydanda zədələndi. Özü də bu, xroniki zədədir. İsrafilov vaxtında dincəlməyi yox, komandasına fayda verməyi seçdi və bununla vəziyyətini daha da ağırlaşdırdı. Azər Əliyev də oyunların birində 86-cı dəqiqədə özünü narahat hiss etdiyini bildirdi. Arveladze də “Sumqayıt”la oyunda xəsarət aldı. Yalnız Mert Çelik məşqdə zədələnib. O da durduğu yerdə pəncəsi burxuldu. Rəhmanın da ayağına güclü zərbə endirilmişdi. 1 günlük istirahətdən sonra o, özünü yaxşı hiss etdiyini desə də, sonradan problemin ciddi olduğu aşkarlandı.
- “Neftçi” artıq neçənci dəfədir ki, sanki zərbə alandan sonra ayılır. Bunu nə ilə əlaqələndirmək olar?
- Elə oyunlar olur ki, ilk yarıda yaxşı çıxış etsək də, fasilədən sonra zəif oynayırıq. Bəzən isə əksinə olur. Buna görə də konkret səbəb gətirmək, bunu nə iləsə əlaqələndirmək çətindir.