Bu gün AFFA Region Liqasında mövsümün ilk yarımfinal matçı keçirildi.
"ASK Arena"da baş tutan qarşılaşmada "Cəbrayıl" "Qusar"a 2:1 hesabıyla qalib gələrək adını finala yazdırdı. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv həlledici oyunda "Xan Lənkəran" - "Araz Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək.
Matçla bağlı təssüratlarını öyrənmək üçün cəbrayıllıların qapıçısı Namaz İsmayılovla əlaqə saxladıq. 26 yaşlı qolkiper Offsideplus.az-a açıqlamasında bunları dedi:
"Görüşün çətin olacağını bilirdik. 120 dəqiqə mübarizə apardıq. Lakin əsas olan budur ki, istəyimizə çatdıq və layiqli çıxış edərək finala vəsiqə qazandıq".
İsmayılov finalda hansı rəqiblə qarşılaşmağın onlar üçün fərq etmədiyini də söylədi:
"Finalda hansı komandayla oynamağımız bizim üçün elə də fərq etmir. İstər "Xan Lənkəran" olsun, istərsə də "Araz Naxçıvan" - finalda da öz oyunumuzu oynayacağıq. Məqsədimiz çempion olmaqdır".
Qeyd edək ki, sabah "ASK Arena"da keçiriləcək "Xan Lənkəran" - "Araz Naxçıvan" matçı 16:00-da başlayacaq.
Daşqın Əziz