Xəbər verdiyimiz kimi, bu gün Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

 İclasda bir sıra mühüm qərarlar qəbul olundu. Ki, bunlardan biri də 2022/23 mövsümündən etibarən "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan" komandalarının Birinci Divizionda çıxış etməsinə icazə verilməsidir.

Offsideplus.az olaraq uzun fasilədən sonra yenidən peşəkar futbola qayıdan "Araz Naxçıvan" ictimaiyyətinin üzvlərinin təəssüratlarını öyrəndik.

Klubun idarə heyətinin üzvü, hazırda komandayla birgə Türkiyənin Ərzurum bölgəsində olan Sakit Rzayev bu qərarın onlar üçün gözlənilən olduğunu söylədi:

"Təbii ki, bu qərarın qəbul olunması bizim üçün gözlənilən idi. Çünki əvvəlcədən bu yöndə addımlar atmış, PFL rəhbərliyi ilə görüş keçirmişdik. Bilirsiniz ki, uzun müddət idi Naxçıvanda futbol yox idi. Yenidən, köklü şəkildə dəyişərək Azərbaycan futboluna qayıtmaq bizim üçün əsas hədəf idi və bundan qürur duyuruq".

sakit rzayev

Klub rəsmisi hazırkı durum və görüləcək işlər barədə də fikirlərini bölüşdü:

"Yanvar ayında Naxçıvan Futbol Federasiyası və "Araz Naxçıvan" klubu üçün yeni bir səhifə açıldı. Belə ki, "Cahan Holdinq" Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçildi. Bizlər də Vüqar müəllimin ətrafına toplaşdıq. İlk olaraq qərar qəbul edildi ki, klubun idarə heyəti və idarə heyətinin üzvləri müəyyənləşdirilsin. Bunun ardınca qəbul olunan vacib qərarlardan biri də o idi ki, "Araz Naxçıvan" klubunun korporativ kimliyini geri qaytaraq. Yəni komandanın bir brend olaraq qarşıya qoyulan tapşırıqları yerinə yetirməsi yönündə müzakirələr aparıldı və qərarlar qəbul olundu. Artıq bu qərarların icrasına başlamışıq. Bildiyiniz kimi, komandamız artıq 4-cü mövsümdür ki, Region Liqasında mübarizə aparır. Futbolçu kontingentinin 99 faizini demək olar ki, naxçıvanlı oyunçular təşkil edir. Lakin Vüqar Abbasovun gəlişindən sonra hədəflər tamamilə dəyişdi. Peşəkar futbol klubunun fəaliyyəti üçün lazım olan müvafiq addımlar atıldı. Naxçıvan Futbol Federasiyasının və Peşəkar Futbol Liqasının rəhbərliyi ilə görüşlər keçirdik. Özümlə Vüqar Abbasovun adımdan deyə bilərəm ki, təcrübə baxımından ilk sınaq yerimiz Birinci Divizion olacaq. Bununla yanaşı biz "Araz Naxçıvan" klubunun akademiyasının açılması və formalaşdırılması məsələsi üzərində də iş aparırıq. Hazırda klubumuz Birinci Divizonda çıxış etmək üçün hazırlıqlara start verib. Bunun üçün də ilk olaraq infrastrukturun möhkəmləndirilməsi və inkişaf etdirilməsi yönündə addımlar atıldı. Bu gün "Araz Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadionda təmir-tikinti işləri sürətlə davam etdirilir. Həmçinin, akademiyanın açılması üçün də işlər aparılır və bunun üçün mütəxəssis də dəvət etmişik. Klubun maddi-texniki bazası da gücləndirilib".

hr

Komandanın baş məşqçisi Azər Bağırov da qərarı sevinclə qarşıladığını və bunun Naxçıvanda futbolun inkişafına daha da təkan verəcəyini bildirdi:

"Bu qərarın qəbul olunması bizim üçün çox xoş oldu. Bu gün Naxçıvanda futbol sahəsində çox böyük işlər görülür. Sizə tam səmimi deyim ki, Birinci Divizionda çıxış etməyə başladıqdan sonra daha böyük addımlar atılacaq. Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun himayəsi altında istər uşaq futbolu, istərsə də infrastruktur sahəsində təkanverici addımlar atılacaq. Çünki belə insanlar Azərbaycan futboluna lazımdır. Hazırda bir yox, bir neçə planımız var. Bunlardan təbii ot örtüyünə malik meydançanın salınması və klub akademiyasının yaradılması məsələsini qeyd etmək istərdim. Hansı ki, artıq bu planların icrasına başlanılıb. Bu, artıq Naxçıvanda futbola peşəkar yanaşma və fundamental iş prinsipinin başlanğıcıdır".

Daşqın Əziz