Şose velosipedi üzrə Azərbaycan Kubokunda 4-cü mərhələyə yekun vurulub. İsmayıllı rayonunda keçirilən yarışın qalibi iki günün nəticəsinə əsasən müəyyənləşib.
Offsideplus.az görə 3 kateqoriyada keçirilən yarışda 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənclər və U23/ Elit yaş kateqoriyası üzrə velosipedçilər mübarizə aparıblar.
4-cü mərhələnin birinci günündə yeniyetmə oğlanlar və qızlar 3 km, gənclər, Elit və U23 yaş kateqoriyası üzrə idmançılar isə 6 km məsafəyə dağa fərdi ötüşmədə mübarizə aparıblar. Növbəti gün isə qrup ötüşməsində yeniyetmə oğlanlar və qızlar 60 km, digər yaş kateqoriyası üzrə idmançılar isə 90 km məsafədə ən güclünü müəyyənləşdiriblər.
İki yarış gününün nəticəsinə əsasən qızlar arasında Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Abdurahmanova ikinci, İradə Abdurahmanova isə üçüncü olub. 17 yaşadək oğlanlar arasında Ravi Rzayev bütün rəqiblərini geridə qoyub. Burhan Abdullayev və Baratəli Səlimzadə isə 2-3-cü yerləri bölüşüblər.
Gənclər, U23 və Elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Musa Mikayılzadə hamıdan güclü olub. Şahin Eyvazov və Kamran Mirzəxanov isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.
Qaliblərə mükafatları Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov və Federasiyanın idman direktoru Oleq Berezovski təqdim ediblər.
Qeyd edək ki, yarışa ilk dəfə olaraq Azərbaycan Velosiped Federasiyasının İsmayıllı filialından və Zaqatala rayonundan velosipedçilər də qatılıblar.