AFFA “Kəpəz” klubunu cərimələyib.
Bu barədə qərarı qurumun İntizam Komitəsi verib. Səbəb isə Gəncə təmsilçisinin azarkeşlərinin I divizionun 21-ci turunun “Turan Tovuz”la görüşündə (2:3) açdığı pankartdır.
“Kəpəz”li fanatlar tərəfindən icazəsiz (!) pankart açıldığına görə klub 160 manat məbləğində cərimələnib. Həmin görüşdə azarkeşlər üzərində “Nəticələriniz gözümüzü YAŞARdır” sözləri yazılan pankart nümayiş etdiriblər.
AFFA-nın bu qəribə qərarı "Kəpəz" azarkeşləri tərəfindən etirazla qarşılanıb. “Xəmsə” Azad Azarkeş qrupunun idarə heyətinin üzvü Müşviq Məmmədov Offsideplus.az-a açıqlamasında bu qərarın qərəzli şəkildə qəbul olunduğunu və indiyədək belə hala şahidlik etmədiklərini söyləyib:
"Əslində, ideyalar üçün özləri zəmin yaradırlar. Azarkeşlərin baş məşqçini istəmədiyini bu formada bildirməsində qeyri-adi nə var ki? İndiyədək guya kimsə nəsə açanda AFFA-dan icazə alırdı? Demək ki, məqsədyönlü şəkildə cərimələyiblər. Gələcəkdə nə isə edə biləcəyimizi zaman və məkan göstərəcək".
Daşqın Əziz