"Ağır oyun olacağını bilirdik. Çünki həm meydan sünidir, həm də rəqib müdafiəyəmeylli komandadır. Fərqli hissələr oynadıq. İlk yarıdakı hücumlarımız məni məmnun etdi. Amma ikinci hissədə mənasız qırmızı vərəqə ilə oyun ritmindən qopduq".
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyindən narazı qaldığını bildirib: "Artıq bizim üçün itiriləsi heç nə yoxdur. Çalışıb mövsümə layiqli yekun vuracağıq. Amma məşqçilər üçün oyunsonrası mətbuat konfransı hakimlər üçün də olsa, daha yaxşıdır. Kənarda 5 dəqiqədir gözləyən futbolçuya imkan vermir ki, oyuna girsin. Etirazım buna idi. Top meydandan çıxıb, oyunçuya imkan vermir. Səbəbini özlərindən başqa heç kim bilmir. Hakimlik barədə danışmaq istəmirəm. Gənc məşqçiyəm, komandanın oyunundan, inkişafından danışmaq istəyirəm. Amma bu qədər də olmaz. Futbolçuya oynamaq imkanı yaratmalısan. Hər epizodu saxlamaq, həm futbolun sürətini azaldır, həm də oyunçunun mübarizədən qaçmasına səbəb olur. Bilir ki, mübarizəyə girsə, hakim oyunu saxlayacaq".
Baxşıyev komandasının avrokuboklar zonasından kənarda qalmasınının səbəbinə də toxunub: "Bu komandanın necə əziyyətlə formalaşdırdığımızı bilsəniz... Büdcə, kimlərin qalacağı bilinmirdi, heyət formalaşmamışdı. Bu baxımdan ilk dövrədə çətinliyimiz oldu. Mövsümün ortasında avrokubok zonasına yaxınlaşdıq. Xırda nüanslar olsa da, deməliyəm. Elə oyunlar olurdu ki, 5-6 futbolçumuz zədələnirdi. Əlimizdə geniş heyət olmadığından hər bir futbolçunun kənarda qalması oyunumuza təsir edir. Buna eniş də deməzdim. Özünüz də görürsünüz ki, bir hissədə 5-6 qol epizodu yaradırıq, sadəcə, tamamlamaqda çətinlik çəkirik".
Merab Qiqaurinin ikinci sarı vərəqəni görərək, meydandan qovulması barədə danışan baş məşqçi daha əvvəlki analoji hərəkətinə onu cəzalandırdıqlarını xatırladıb: "Təcrübəli futbolçudur. Bunu hansısa gənc oyunçu etsəydi, o qədər də fikir verməzdik. Yenidən cəzalanması gözlənilir. Amma mənim gördüyüm qədərilə epizodların birində sarı yox idi. Ümumiyyətlə, hər epizodda sarı vərəqə göstərmək düzgün deyil".
"Qəbələ"nin növbəti mövsümdəki taleyi barədə də fikirlərini bölüşən Baxşıyev qeyri-müəyyənlik olduğunu söyləyib: "Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Qarşıda bizi nəyin gözlədiyini bilmirik. Biz də istərdik ki, büdcəmiz bilinsin. Mövsümün startına 15 gün qalmış oyunçu dəvət edirik. Onun adaptasiyası vaxt aparır. Bu baxımdan çətinlik çəkdik. Ümid Allahadır. Bütün futbolçuların müqaviləsi başa çatır. Heç kimlə danışıq aparmamışıq". (Report)