Millimizin baş məşqşisi Canni De Byazi "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində qonaq olub.
Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis millinin son oyunları ilə bağlı danışıb. De Byazi mövqeləri dəyərləndirərkən hücum xəttində problemin olmadığını vurğulayıb: "Deyə bilmərik ki, biz təkcə penaltidən qol vururuq. Millətlər Liqasında Lüksemburqla oyunu xatırlamaq istəyirəm. Orada gözəl kombinasiyadan sonra Ramil Şeydayev fərqləndi. Belə epizodlarımız çox olub. Bəzən onların hamısından faydalana bilmirik. Başa düşmək lazımdır ki, hər hücumçunun müxtəlif vaxtlarda yaxşı və pis dönəmləri olur. Bezən onların hər zərbəsi qolla nəticələnir və ya əksi baş verir, fərqlənə bilmirlər. Bir az səbrli olmaq lazımdır. Yaxşı nəticələr gələcək. Portuqaliya və Serbiya ilə oyunlara görə futbolçulardan razıyam. Hər iki görüşdə məğlub olduq, adətən belə olanda razı qalmıram. Amma rəqiblər çox güclü idi. Ümumilikdə yaxşı siqnallar gördük".
Təcrübəli mütəxəssis "Sumqayıt"lı Əli Qurbani ilə bağlı danışıb: "Qurbani bizim üçün önəmli futbolçudur. Hamı səhv edə bilər. Messi və Ronaldo da səhv edir. Bu hücumçularda olan şeydir. Düşünürəm ki, Ronaldo bizə qarşı daha çox səhv etdi və epizodları qaçırdı, nəinki Əli Qurbani Serbiyaya qarşı. Əli Qurbani bizim üçün Mahir Emreli və Ramil Şeydayev qədər vacibdir. Həmişə demişəm, yaxşı oynayırsansa, yığmanın qapısı sənin üçün daim açıqdır. Əsas olan bayrağa sevgidir. Ancaq bununla yaxşı nəticələr əldə edə bilərik".