Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərində baş verənlərlə əlaqədar tədbirlər görülüb.
“Qarabağ”la ev oyununda AFFA nümayəndəsinin Əsasnaməyə uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün “Qəbələ” klubu 800 manat cərimə olunub.
Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Keşlə” oyunu bir sıra qüsurlarla yadda qalıb. Görüş zamanı pirotexniki maddələrdən istifadə olunub, diktor məlumatları vaxtında verməyib. Bu halların hər biri meydan sahiblərinə 800 manat cərimə bahasına başa gəlib. Daha 400 manat cərimə isə yanğınsöndürən nümayəndə heyətinin təyin olunan vaxtda iclasda iştirak etməməsi ilə əlaqədar kəsilib.
“Keşlə” isə klub nümayəndəsinin təyin olunan vaxtda iclasda iştirak etməməsi və 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ümumilikdə 1 600 manat cərimələnib.
Nəhayət, “Neftçi” ilə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə" klubu 800 manat cərimə olunub.