İngiltərə Premyer Liqasının 17-ci turunda "Liverpul"un "Sautqempton"a məğlub olduğu (0:1) oyundan sonra Yurgen Klopp özünü ələ bilməmişdi.

Məğlubiyyətin səbəbini özündə və yetirmələrində yox, hakimlərdə axtaran alman çalışdırıcı baş hakim Andre Marrinerin oyun ərzində 2 penaltini "yediyini" söyləmişdi. Bu azmış kimi, ""belə hallarda "Mançester Yunayted"in xeyrinə penalti verərdilər" sözləri ilə rəqibin "bostanına daş atmışdı".

Offsideplus.az xəbər verir ki, Klopp işlətdiyi ifadələrə görə yerli federasiya tərəfindən heç bir cəzaya layiq görülməyib. Əvəzində tanınmış ingilis hakim Mark Klattenburq baş məşqçinin cavabını ESPN-ə açıqlamasında artıqlaması ilə verib: "Mən Aleks Ferqyuson kimi dahini görmüş adamam. Lakin o cür insan belə, vacib matçlardan əvvəl hakimlərə təzyiq etmək üçün bu cür vasitəyə əl atmırdı. "Liverpul" ötən mövsüm az qala hər oyunu qələbə ilə başa vuranda Klopp narahat görünmürdü. O, uduzmağı sevmir, ona görə də məğlubiyyətə müxtəlif cür reaksiya verir. Amma hakimlərin "Mançester Yunayted"ə simpatiya bəsləməsi fikrində yanılır. 

"Mançester"li futbolçuların hər imkanda penalti tələb etdiklərini deyirsə, bu, ikiüzlülükdür. Öz komandasındakı Məhəmməd Salahla Sadio Maneyə baxsın. Rəqib toxunmamış özlərini yerə atırlar". 

Qeyd edək ki, 45 yaşlı Klattenburq Premyer Liqada fit çalmasa da, sevdiyi peşəni Çində davam etdirir.