İnsanlar hələ də Cəbrayılın işğaldan azad olunması xəbərinin təsiri altındadır. İnanır və ümid edirik ki, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz digər şəhər və rayonlarımızı da dığaların əlindən alacaq.
Futbol təsərrüfatında əslən Cəbrayıldan olan xeyli adam var. Cavid Hüseynov, Ülvi İskəndərov, Xaqani Məmmədov, Yaşar Abuzərov, Vəli Hüseynov, Bəxtiyar Həsənalızadə... Sevindirici xəbəri eşidən kimi vaxtilə "Sumqayıt"la "Zirə"nin şərəfini qorumuş Bəxtiyarla əlaqə saxladıq. Müdafiəçi Offsideplus.az-a açıqlamasında hədsiz sevinc içində olduğunu gizlətmədi:
"Dünənki xəbərdən sonra dost-tanışlardan, yaxınlardan o qədər təbrik zəngi gəlib ki. Əlbəttə, sevinirəm, amma ürək dolusu sevinmək üçün işğal altında olan digər ərazilərin də qayıtmasını gözləyirəm. İnanıram ki, qüdrətli Ordumuz qısa müddətdə bizi növbəti zəfərləri ilə sevindirəcək. Özümə gəlincə, atam cəbrayıllı, anam zəngilanlıdı, lakin mən Sumqayıtda doğulmuşam. Atamın əsli Çullu kəndindəndir. Bildiyimə görə, kəndimiz hələ ki, işğaldan azad olunmayıb. Əminəm ki, Cənab Prezidentimiz bizi növbəti şad xəbərlə sevindirəcək. Valideynlərimin ən böyük arzusu Qarabağa qayıtmaqdır. Düzdür, mən oraları görməmişəm. Amma görmək üçün ürəyim partlayır. İcazə verilsə, gedib gəzərik. Mümkün olsa, həyatmızın qalan hissəsini orda yaşayarıq".