"Futbolsuz qalmaq çox darıxdırıcıdır. Özümüzün və ailəmizin sağlamlığı üçün buna məcburuq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Səbail"in üzvü Adil Nağıyev deyib.
Müdafiəçi Premyer Liqanın davam etdirilməsinin istədiyini bildirib:
"Ən yaxşısını bu işə baxan qurumlar bilər. Lakin mənim fikrimə görə, Premyer Liqa davam etdirilsə, daha yaxşı olar. İstəyirik ki, çempionatı yaxşı şəkildə başa vuraq, avrokuboklara vəsiqə qazanaq. Əsas odur ki, Premyer Liqa bərpa olunsun, qalan şeyləri danışmaq üçün vaxt olacaq".
25 yaşlı futbolçu çempionatın azarkeşsiz keçirilməsində problem olmadığını bildirib:
"Bizim çempionatda onsuz da çox adam olmur. Biz öyrəşmişik azarkeşsiz oynamağa. Bu, Azərbaycan Premyer Liqası problem olmamalıdır".
Adil Nağıyev Premyer Liqanın başladılması üçün məşq proseslərinin uzun müddətli olmasının vacibliyindən də bəhs edib:
"Düşünürəm ki, biz istədiyimiz müddəti verməyəcəklər. Çünki çempionatı bitirmək üçün çox az vaxtımız qalıb. Karantinə görə, 2 aydan çoxdur ki, futbol meydanlarından uzaqda qalmışıq. Amma fərdi məşq edirik, bu sadəcə tonusdan düşməmək üçündür. Məncə, ən azı 1 ay və daha çox vaxt lazımdır ki, fiziki vəziyyəti bərpa edək. Əks halda ağır zədələr ala bilərik. Bu məsələdə gərək həqiqətən çox diqqət olmalıyıq".