“Nəticəni ədalətli sayıram. Düzdür, rəqibin də dirəkdən və qapı çatından dönən topları oldu. Lakin oyuna nəzarət tam şəkildə əlimizdə idi”.
Bunu “Report”a “Səbail” qapıçısı Kamal Bayramov Premyer Liqanın I turunda evdə “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib. 34 yaşlı futbolçunun sözlərinə görə, layiqli qələbə qazanıblar: “Oyuna ciddi hazırlaşmışdıq, rəqib məşqçilər korpusumuz tərəfindən çox düzgün analiz olunmuşdu. Lazım olan məlumatlar futbolçulara dəqiq çatdırıldı. Necə planlaşdırmışdıqsa, elə də oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm. Matçın əvvəlində üstünlük əlimizdə olsa da, sonradan rəqib daha çox topa sahib olmağa başladı. Hardasa 10 dəqiqə sıxıntımız oldu. Ancaq ikinci hissədə yenidən öz futbolumuzu sərgilədik”.
Bayramov son 4 mövsümdə formasını geyindiyi “Zirə” ilə matçda qələbəni xüsusi qeyd etməsinə də aydınlıq gətirib: “Qələbəni xüsusi qeyd etməyim “Səbail”də ilk rəsmi oyunuma çıxmağımla bağlıdır. Bu qələbə özüm üçün çox vacib idi. Mənim də çatmaq istədiyim məqsədlərim var. “Zirə” ilə heç bir problemim yoxdur. Orada çalışanlara, futbolçulara böyük hörmət bəsləyirəm. Sevdiyim bir komandadır, onlara uğurlar arzulayıram”.
Təcrübəli qapıçısı “Səbail”də maliyyə problemi olması yönündə yayılan xəbərlərə də toxunub: “Klubda maliyyə ilə bağlı heç bir problem yoxdur. Təxminən, 20-25 gün öncə toplantımız baş tutdu. Orada deyildi ki, maaşlarda müvəqqəti gecikmələr ola bilər. Bu məqam nəzərimizə çatdırıldı və deyil ki, hər kəsə müqaviləsində qeyd olunan məbləğ tam şəkilə ödəniləcək. Bu gün klubun heç bir futbolçuya borcu yoxdur”.
Bayramov deyib ki, yeni mövsümdə komandanın qarşısına konkret məqsəd qoyulmayıb: “Ancaq komanda olaraq, nailiyyətimizin olmasını istərdik. Minimum ötənilki nəticəni göstərməyə, bürünc medalçı kimi avrokuboka düşməyə çalışacağıq”.