Azərbaycan yığması üçün daha bir futbolçu milliləşdirilib.
Offsideplus.az xəbər verir ki, Vüqar Məmmədin baş məşqçisi olduğu U-19-un bu gün açıqlanan heyətində Almaniyada Bilefeld “Arminiya”sının şərəfini qoruyan Maksim Bayramov da var.
Soyadına görə azərbaycanlı kökləri olması inandırıcı görünən futbolçu əslən Moldovadandı. Həm bu ölkənin, həm də Rumıniyanın vətəndaşlığını daşıyan Maksim 2001-ci ildə anadan olub.
Gənc hücumçu Moldovanın U-17 milli komandasının da şərəfini qoruyub. O, ölkəsinin yığmada 2017-ci ildə debüt edib. Bayramov AVRO-2018-in seçmə mərhələsində 3 qarşılaşmada meydana çıxıb, hücumçu olsa da, heç nə ilə fərqlənməyib.
FİFA-nın qaydalarına əsasən aşağı yaş qruplarında oynamış futbolçular müəyyən hallarda vətəndaşlığını dəyişmək hüququna malikdi. Ramil Şeydayev, Emin Mahmudov, Pavel Paşayev kimi nümunələrin ardınca Bayramov da eyni addımı atıb.
2017-ci ilin yayında Moldovanın “Bulukani” klubundan “Arminiya”ya keçib. Bilefeld təmsilçisinin U-17 komandasında 1 il keçirən hücumçu ötən yaydan U-19-da çıxış edir.(matc.az)