Bakı Olimpiya Stadionu (BOS) “Borussiya Dortmund” klubunun rəsmilərindən birinin stadionun su təchizatı sistemi ilə bağlı səsləndirdiyi əsassız iddialara növbəti dəfə rəsmi şəkildə cavab verib.
Offsideplus.az xəbər verir ki, aparılan əlavə laboratoriya analizləri arenanın su sistemində heç bir problemin olmadığını qəti şəkildə təsdiqləyib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş “Sabah” – “Borussiya Dortmund” oyunundan sonra qonaq komandanın nümayəndəsi stadionun duş kabinlərində “legionella” bakteriyasının ola biləcəyi ehtimalını irəti sürmüşdü. Həmin vaxt hər hansı laborator nəticəyə istinad edilməyən bu fikir ictimaiyyətdə təəccüblə qarşılanmış, BOS rəhbərliyi dərhal açıqlama yayaraq arenanın müvafiq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olduğunu bildirmişdi. Eyni zamanda, cari mövsümdə BOS-da məşq və oyunlar keçirmiş digər klubların — “Sabah” və “Slaviya Praqa”nın da bu məsələ ilə bağlı heç bir irad bildirmədiyi diqqətə çatdırılmışdı.
İctimaiyyətin inamını daha da möhkəmləndirmək məqsədilə Bakı Olimpiya Stadionundan təkrar su nümunələri götürülərək müstəqil qurumlarda yoxlanılıb. “MediClub” Tibb Klinikası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mərkəzi Laboratoriyası tərəfindən aparılan təhlillərin nəticələri BOS-un su təchizatı sisteminin hər hansı standart pozuntusundan uzaq və tam təhlükəsiz olduğunu bir daha sübut edib.
Stadion rəsmiləri yayılan şayiələrə ironik toxunaraq qeyd ediblər: “Borussiya Dortmund” klubunun nümayəndəsi tərəfindən səsləndirilmiş fikir tamamilə əsassızdır, “Barselona” isə mövzu ilə bağlı narahat olmaya bilər.


