İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand Kriştiano Ronaldunun Portuqaliya futbolu üçün əvəzsiz rolundan danışıb.

Offsideplus.az xəbər verir ki, Ferdinand Ronaldunun Portuqaliya tarixinin ən yaxşı futbolçusu olduğunu bildirib. O qeyd edib ki, Ronaldunun həm Portuqaliya, həm də dünya futboluna təsirini qiymətləndirmək mümkün deyil. "O, bütün dünyada milyonlarla insana sevinc bəxş edib. Çətin günlərdə insanlara ümid verib, yadda qalan anlar yaşadıb. Xüsusilə İsveçlə oyunda het-trik edərək yığmanı turnirə çıxarması unudulmazdır. Mən portuqaliyalı olmasam da, həmin anın böyüklüyünü hiss etdim. Portuqaliyalılar üçün isə bu, heç vaxt unudulmayacaq bir hadisədir. Ronaldunun ən böyük nailiyyətlərindən biri də peşəkarlıq anlayışını dəyişdirməsidir. O, peşəkar münasibət, fiziki hazırlıq, idman uzunömürlülüyü, sağlamlığa diqqət və hər detalı önə çəkməklə yeni standartlar yaradıb. Onun Portuqaliya millisində çıxışlarında məni ən çox təsirləndirən məqam isə bir millətə inam aşılamağı oldu. O, əvvəllər özünü futbol ölkəsi hesab etməyən Portuqaliyaya ümid verdi və hər portuqaliyalının yığmaya olan inamını artırdı. Bütün bunları nəzərə alanda, Ronaldunu tarixdə ən yaxşı portuqaliyalı futbolçu hesab etmək tamamilə doğrudur. O, şübhəsiz, futbolun ən böyük adları sırasındadır. Hansı pillədə olmasından asılı olmayaraq, o, elitaya daxildir və əgər karyerasının əvvəlində ondan soruşsaydılar ki, futbol tarixinin ilk beşliyində olmaq istəyərdinmi, o, birmənalı şəkildə 'bəli' deyərdi. Və o, buna nail oldu", – deyə Ferdinand vurğulayıb.