Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərdən biri müəyyənləşib.
Offsideplus.az-ın azerifootball.com saytına istinadən yaydığı xəbərə görə, millimizin sabiq baş məşqçisi Robert Prosineçki hazırda bu vəzifəyə bir nömrəli namizəd hesab olunur.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis hazırda çalışdırdığı Bosniya və Hersoqovina milli komandasını UEFA Millətlər Liqasının final mərhələsinə çıxarıb. Onlar Avstriya və Şimali İrlandiyanın yer aldığı qrupda 10 xal toplayaraq birinci yeri tutublar.
Bildirilir ki, AFFA rəhbərliyi bu yaxınlarda Prosineçki ilə əlaqə saxlayıb. Xorvat məşqçi Azərbaycana qayıtmağı istisna etməsə də, düşünmək üçün vaxt götürüb. Bununla bağlı yekun qərarın ilin sonunadək müəyyənləşəcəyi gözlənilir.
Başqa bir xəbərə görə, Prosineçkinin Bosniya və Hersoqovinadakı illik gəliri Azərbaycanda qazandığından 3-4 dəfə azdır.
Xatırladaq ki, Prosineçki 2014-17-ci illərdə Azərbaycan millisini çalışdırıb.