AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin 2019-cu ilin mart-may aylarında keçiriləcək ev oyununun yeri dəyişdirilə bilər.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu bu müddətə təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi mümkündür.
AFFA tərəfindən UEFA-ya bununla bağlı müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.
Buna səbəb 2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsidi. Çünki UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.