"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Napoli"dən ayrılmaq səbəbini ilk dəfə açıqlayıb.

Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçu klubun ona qarşı davranışını bəyənməyib:

"Napoli" o TikTok videosunu paylaşdıqdan sonra hər şey tamamilə dəyişdi. Hər kəs penaltini qaçıra bilər, bununla zarafat da etmək olar, lakin onlar bunu yalnız mənə qarşı etdi və mətndə müəyyən eyhamlar var idi. İrqçi təhqirlərə məruz qaldım və komandadan getməyə qərar verdim. İnstaqramda "Napoli" formalı şəkillərimi sildim; bunu fürsət bilənlər isə məni azarkeşlərlə üz-üzə qoydular. Təsəvvür et, qızım mənim üçün nigeriyalıdan daha çox neapolludur".

O, hazırda "Yuventus"u çalışdıran sabiq baş məşqçisi Luçano Spaletti ilə münasibətlərinə də aydınlıq gətirib:

"Spalletti ilə dalaşdığımız deyilirdi, amma bu doğru deyil. Ona böyük hörmətim var. Aylarla bazada qalıb, gecə-gündüz çalışaraq bizi çempionluğa inandırdı və bir çox oyunçunu ən yüksək səviyyəyə qaldırdı. Çox şey tələb edirdi, amma bunun əvəzində daha çoxunu verirdi. Bəzi məşqçilər səni əvvəlcə insan, sonra futbolçu kimi inkişaf etdirir".

Osimhen "Qalatasaray" günlərinə də toxunub:

"Burada sevdiyim bir klub və bir şəhər tapdım, bəlkə də bu bir şans idi. İstanbula gələn kimi burada oynayan hər kəsin niyə komandaya və insanlara aşiq olduğunu anlayırsınız. Daha əvvəl buna bənzər heç nə yaşamamışdım.

"Qalatasaray" olaraq beynəlxalq səviyyədə böyüməyə çalışırıq. Yüksək səviyyəli başqa oyunçular da transfer edilib və hədəfimiz Çempionlar Liqasında uğur qazanmaqdır. Türkiyədə onsuz da köklü və oturuşmuş bir klubuq, lakin artıq Avropada da iz qoymaq istəyirik".