Fransanın nəhəng klubu PSJ yay transfer pəncərəsi üçün hücum xəttində əsas hədəfini müəyyənləşdirib.

Offsideplus.az "Bild” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Luis Enrike “Borussiya Dortmund”un forvardı Seru Girassini bir nömrəli transfer məqsədi kimi görür.

29 yaşlı qvineyalı hücumçu bu mövsüm Almaniyada parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb. O, UEFA Çempionlar Liqasında 13 qolla bombardirlər siyahısında liderlərdən biri olub, ümumilikdə isə bütün turnirlərdə 33 qol vurub.

Lakin PSJ-nin bu transferi reallaşdırması asan olmayacaq. “Bild”in yazdığına görə, Girassinin müqaviləsində 70 milyon avroluq sərbəstqalma maddəsi var, amma bu maddə yalnız müəyyən klublar üçün keçərlidir. Həmin siyahıya “Real Madrid”, “Barselona”, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi” və “Arsenal” daxildir. PSJ bu siyahıda yer almır.

Bundan əlavə, hücumçunun özü də “Borussiya Dortmund”da qalmağa isti yanaşır. Xatırladaq ki, o, bu kluba ötən yay “Ştutqart”dan transfer olunub.