“Marsel” klubunun prezidenti Pablo Lonqoriya futbolçu Meyson Qrinvudun transferi ilə bağlı qərar verməzdən əvvəl anası ilə məsləhətləşdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Lonqoriya futbolçunun ətrafında yaranmış mübahisəli vəziyyətə görə bu addımı atdığını bildirib.
“Bütün məlumatları topladıqdan sonra anamı axtardım və ondan soruşdum: ‘Bu vəziyyəti bilə-bilə sən nə düşünürsən?’ Anam İspaniyada penitensiar sistemdə çalışıb və dövlət tərəfindən təltif olunub”, – deyə Lonqoriya qeyd edib.
Klub prezidentinin sözlərinə görə, anasının cavabı qəti olub: “Et!”
“Dedi ki, Qrinvudu transfer etməliyik. Vəziyyətlə bağlı bütün məlumatlara sahib idi”.
Lonqoriya bu məsləhətin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“İdmanla bağlı marağı olmayan, obyektiv fikir bildirəcək birinin mövqeyini bilmək istəyirdim. Anamın bütün bunları bilə-bilə ‘et’ deməsi mənim üçün çox vacib idi”.
Marsel prezidenti mövzu barədə açıq danışmağın düzgün olduğunu da əlavə edib:
“Həyatda tabu yaratmaq heç vaxt müsbət deyil. Bizim üçün bu, idman baxımından böyük bazar fürsəti idi və baş verənləri çox diqqətlə analiz etdik”.


