Azərbaycan millisinin üzvü ən böyük arzusunun Türkiyə yığmasında çıxış etmək olduğunu açıqladı.

Offsideplus.az xəbər verir ki, "Anadolu Ajansı"na danışan Tekirdağ Namik Kamal Universitetinin sonuncu kurs tələbəsi Əsəd Ağayev rinqlərdə Türkiyəni təmsil etməyin xəyalını qurduğunu bildirib:

"Təhsilimə davam etmək üçün buranı seçdim. Türkiyəyə gəldikdən sonra heç bir çempionatı qaçırmadım. 2023 universitetlərarası turnirdə 73 kq çəki dərəcəsində qalib oldum. İstəyim rinqdə türk vətəndaşı olaraq döyüşməkdir. Bunun üçün federasiya rəhbərliyi ilə danışıqlar aparırıq. Qanun gərəyi elm adamları və sənətçilər milli komandaya alına bilər".

Ağayev təhsilinin ardından qardaş ölkədə yaşamağı düşündüyünü dilə gətirib:

"Bir millət, iki dövlətik. Eyni bayraq, eyni vətən. Türkiyə milli komandasına daxil olub, ölkəmi Avropada, dünyada və olimpiya oyunlarında təmsil etmək xəyalımdan biridir. Türk bayrağını ən yüksəklərdə dalğalandıracağıma inanıram".

Qeyd edək ki, Əsəd 7 ildir Azərbaycan millisində çıxış edir və yığma ilə bir sıra beynəlxalq yarışlarda iştirak edib.