Zlatan İbrahimoviç Xorvatiya ilə matçda Kriştianu Ronaldunu əvəzlədiyi üçün baş məşqçi Roberto Martinesi tərifləyib.

Offsideplus.az xəbər verir ki, sabiq isveçli futbolçu bunları söyləyib:

"Martines bunu etməli idi, çünki Portuqaliya çətin vəziyyətdə qalmışdı. Xorvatiya üstünlüyü ələ almışdı və belə bir məqamda məşqçi reaksiya verməli, nəyisə dəyişməli idi. Onda Kriştianunu meydandan çıxarmaq cəsarəti tapıldı. Əgər bu turniri qazanmaq istəyirsənsə, komanda qalib gəlməlidir. Bunu tək bir nəfər edə bilməz.

Öz təcrübəmdən bilirəm: qazandığım bütün kubokları təkbaşına mən qazanmamışam. Bəlkə 90 faizini bəli, amma yenə də bu, komanda işidir. Ona görə də indi əsas sual Portuqaliyanın növbəti oyununda nələr olacağıdır".

Qeyd edək ki, Portuqaliya Dünya Kubokunun 1/16 final mərhələsində Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Həlledici qolu 90+4-cü dəqiqədə Qonsalu Ramuş vurub. Ronaldu görüşün 81-ci dəqiqəsində əvəzlənib.