Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman DÇ-2026-nın 1/16 finalında Paraqvaya gözlənilməz məğlubiyyətdən sonra da postunda qalmaq istədiyini bəyan edib.
Offsideplus.az xəbər verir ki, turnirdən əvvəl 5-ci dünya çempionluğunu hədəflədiklərini bildirən 38 yaşlı mütəxəssis, Almaniyanın ardıcıl 3-cü dəfə dünya çempionatlarında erkən uğursuzluq yaşamasına mane ola bilməyib. Gələcəyi sual altında olan Naqelsman məsələyə belə reaksiya verib:
"Bu, artıq məndən asılı deyil, amma federasiya istəsə, mən hazıram. Əgər kimsə məni istəmirsə, bunu üzümə deməlidir. Mən qaçıb gedən biri deyiləm və davam etmək istəyirəm. Hər şey DFB-nin (Almaniya Futbol İttifaqı) qərarından asılıdır".
Qeyd edək ki, "bundestim" dünya çempionatları tarixində ilk dəfə penalti seriyasında məğlub olub. Kay Haverts, Nik Voltemade və Conatan Tanın zərbələri boşa çıxıb. 2014-cü ildəki çempionluqdan sonra böyük turnirlərdə finala həsrət qalan almanlar, bu dəfə də azarkeşlərini məyus edib. Naqelsman turnirdə daha irəli gedə biləcəklərini, lakin göstərdikləri nəticənin yetərli olmadığını etiraf edib.


