ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino DÇ-2026-nın debüt matçında Paraqvay üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis fərdi çıxışlardan daha çox, komanda oyununu ön plana çıxarıb.
ABŞ yığması dünya çempionatları tarixində ilk dəfə bir oyunda 4 qol vurub. Hücumçu Folarin Baloqun isə dubl etməklə 1930-cu ildən bəri DÇ-də bir matçda 2 qol vuran ilk amerikalı futbolçu olub.
Baloqon, Kristian Pulişiç və Ueston Makkenninin əla oyununa baxmayaraq, Poçettino komandanın və texniki heyətin ortaq əməyini yüksək qiymətləndirib:
"Bu, kollektiv yanaşmanın bəhrəsidir. Azarkeşlərimiz də möhtəşəm idilər, onlardan böyük enerji aldıq. Fanatlar belə dəstək versələr, daha böyük işlər görə bilərik".
Qeyd edək ki, ABŞ millisi D qrupunda Türkiyə və Avstraliya yığmaları ilə də qarşılaşacaq.


