"Bu matça qədər 1 gün istirahət etsək də, yorğunluq özünü göstərdi. Bəzi oyunçularımızda yenə həyəcan var idi. Təcrübəsizlik də özünü büruzə verirdi".
Offsideplus.az verir ki, bu sözləri Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandasının baş məşqçisi İlqar Aslanov deyib.
Onun yetirmələri bu gün Avropa çempionatının əsas seçmə mərhələsində Türkiyəyə məğlub olaraq, qrupda sonuncu yeri tutublar.
İ.Aslanov yarışın futzalçılara təcrübə qazandırdığını bildirib: "Türkiyə ilə qarşılaşmada xüsusilə birinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Əvəzində onlar bizə qol vurdular. Ən əsası bu turnir bizə təcrübə qazandırdı. Seçmə mərhələdə imkanlarımızdan aşağı çıxış etdik. Daha yaxşı nəticə gözləyirdik. Yenə deyirəm, təcrübəsizliyin əziyyətini çəkdik. Komandamızda perspektivli və potensiallı futzalçılar var. Onlar bu cür turnirlərdə təcrübə toplamaqla, gələcəkdə əsas milli komandaya yüksələ bilərlər”.
Qeyd edək ki, yığmamız Xorvatiyada təşkil olunan əsas seçmə mərhələnin 7-ci qrupunda Bosniya və Herseqovina (2:10) və Türkiyəyə (1:3) uduzublar. Meydan sahibləri ilə görüş isə 3:3 hesablı bərabərliklə nəticələnib.