“Məktəblərdə Futbol Dərsi” layihəsinin 2024/2025-ci illər mövsümü üzrə minifutbol turnirinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı, UEFA, Elm və Təhsil Nazirliyinin dəstəyilə keçirilən yarışda Bakı və Sumqayıt üzrə ümumilikdə 36 məktəbin kollektivi iştirak edib.
Finalda 229 nömrəli məktəbin komandası 276 nömrəli məktəbin kollektivinə qalib gələrək kuboka layiq görülüb.
III yer uğrunda mübarizədə isə 20 nömrəli məktəbin komandası üstün olub. Bu kollektiv 292 nömrəli məktəbin komandasını məğlub edib.
Turnirdə qalib komanda AFFA tərəfindən kubokla, ilk 3 yeri tutan kollektivlər müvafiq medallar və xüsusi hədiyyələrlə təltif edilib.
Həmçinin müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.
Yusif Məmmədzadə (276 nömrəli məktəb) ən yaxşı qapıçı, Sara Qaribova (229 nömrəli məktəb) isə ən yaxşı oyunçu nominasiyalarında qalib olublar.
Mükafatları və kuboku iştirakçılara AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.