"Mançester Yunayted" Asiya turnesi çərçivəsində ASEAN yığmasına minimal hesabla uduzub.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın qapısından yeganə topu Tailandın "Lampxun Uorriorz" klubunun myanmalı futbolçusu Maunq Maunq Lvin vurub.
ASEAN-ın tərkibinə cənub-şərqi Asiya ölkələri - Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxildir.
Ruben Amorimin yetirmələri Asiya səfəri zamanı mayın 30-da Honkonq yığması ilə də görüşəcəklər.
Qeyd edək ki, "Mançester Yunayted" 2024/2025 mövsümündə fiaskoya uğrayıb. İngiltərə Premyer Liqasında 15-ci yeri tutan komanda Avropa Liqasının finalında "Tottenhem"ə məğlub olub (0:1).