AFFA və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş U-14 turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, Bakı kəndlərini təmsil edən 6 komandanın mübarizə apardığı yarışın qalibi adını finalda "Atəşgah"ı 4:0 hesabı ilə məğlub edən "Binə" komandası qazanıb.

Dalğa Məşq Mərkəzində keçirilən mükafatlandırma mərasimində veteran futbolçu Fərrux İsmayılov və federasiya prezidenti Vaqif Davudov qaliblərə kubok və medalları təqdim ediblər.

Turnirin keçirilməsində əsas məqsəd unudulmaz hücumçunun xatirəsini yad etmək və uşaq futbolunun kütləviliyinə dəstək olmaqdır.