Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən "Heydər Əliyev ili"nə töhfə olaraq Masallı şəhərində yeni idman zalı istifadəyə verilib.
Offsideplus.az xəbər verir ki, əvvəlcə Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edən tədbir iştirakçıları onun xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Açılış mərasimində çıxış edən Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Cavanşir Pasazadə, ASTF-nin vitse-prezidenti Elmar İslam, AGİN-in əməkdaşı Əliniyaz Mirzəyev və güləş üzrə Avropa çempionatının mukafatçısı Yasəmən Məcidli tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Bölgələrdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ifadə olunub, bu cür tədbirlərin idmanın inkişafına təkan verəcəyi vurğulanıb. Ardınca tədbir iştirakçıları yeni stolüstü tennis zalı ilə tanış olublar.
Zalın əsas hissəsində 6 tennis stolu, eləcə də bədən tərbiyyəsi ilə məşğul olmaq üçün müxtəlif avadanlıqlar mövcuddur. Stolüstü tennis zalı əsasən yeniyetmə və gənclərin bu idman növü ilə məşğul olması üçün nəzərdə tutulsa da, böyüklər, təqaüdçülər eləcə də bu idman növünə marağı olan başqa şəxslər də asudə vaxtlarında zalın imkanlarından yararlana bilərlər. Gələcəkdə zalda zona yarışları, respublika səviyyəli turnirlər, təlim məşq toplanışlarının da keçirilməsi planlaşdırılır.