Ötən gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun yarımfinal oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, ilk yarımfinal oyununda “Gəncə” və “Neftçi” komandaları qarşılaşıb.

“Gəncə” komandası rəqibi üzərində 83:73 hesablı qələbə qazanaraq ilk finalçı olub. Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (26 xal, 6 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (18 xal, 10 ribaund) olublar.

İkinci yarımfinal qarşılaşması NTD və “AAAF Xırdalan” komandaları arasında baş tutub. Gərgin mübarizə şəratində keçən oyunda NTD 91:84 hesablı qələbə qazanaraq növbəti finalçı olub. Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), “AAAF Xırdalan”dan isə Devin Pullum (23 xal, 5 asisst) olub.

Qeyd edək ki, “Gəncə” və NTD arasındakı final oyunu martın 26-da keçiriləcək və saat 16:00-da başlayacaq.