“Karate Combat”da ABŞ təmsilçisi Reymond Denielsə qalib gələrək çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev  döyüşdən sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan idmançımız mükafatı Azərbaycan xalqına və anasına həsr etdiyini bildirib:

"Bu titul Azərbaycan xalqınındır. Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum”.

Ağayev, Denielsin “Karate Combat”da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu vurğulayıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən “Karate Combat”da mübarizə aparır.