Gənclər və idman naziri Fərid Qayıbov qurumun strukturuna daxil olan olimpiya idman komplekslərinin, digər idman qurğularının və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüş keçirib.
Offsideplus.az xəbər verir ki, görüşün məqsədi barədə danışan nazir paytaxtda və eləcə də bölgələrdə idman qurğularının, olimpiya idman komplekslərinin, həmçinin UGİM-lərin fəaliyyətinin daha səmərəli təşkil edilməsinin qarşıda duran əsas məqsəd olduğunu söyləyib.
O bildirib ki, bunun üçün də onların bir-biri ilə əlaqəli fəaliyyəti təmin edilməli, kadr məsələləri diqqət mərkəzində saxlanılmalıdır.
Sosial media, marketinq sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi, idman qurğularında olan avadanlıqların qorunub saxlanması və onlara vaxtlı-vaxtında düzgün texniki qulluqların göstərilməsi, hovuzların il ərzində səmərəli fəaliyyətinin təmin edilməsi və digər məsələlər birgə olunub, komplekslərin hazırkı fəaliyyəti və vəziyyətləri barədə hesabat dinlənilib. Həmçinin Olimpiya Komplekslərinin mehmanxana fəaliyyətlərinin müasir standartara uyğun qurulması yönündə görülən işlər barədə məlumat verilib.
Görüşdə nazirliyin strukturunda olan UGİM-lərin vəziyyəti barədə də hesabat təqdim olunub. Kompleks direktorları və UGİM rəhbərlərini narahat edən məsələləri dinləyən nazir bu sahədə müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov və nazirliyin digər əməkdaşları da iştirak ediblər.