Beşinci İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı iyulun 27-də Gənclər və İdman Nazirliyində iclas keçirilib.

Offsideplus.az xəbər verir ki, ölkəmizi təmsil edəcək idman növləri üzrə federasiyaların nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda nazir Fərid Qayıbov Oyunlara az vaxt qaldığını xatırladaraq Azərbaycanın geniş nümayəndə heyəti ilə təmsil olunacağını bildirib. Qeyd edib ki, dövlətimiz idmançılarımızın oyunlarda iştirakı üçün bütün vacib məsələləri həll edib. Bildirib ki, görüşün əsas məqsədi qarşıya çıxa biləcək sualları birlikdə müzakirə etməkdir.

Nazir müavini Mariana Vasileva və nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov təşkilati məsələlər barədə, eləcə də, növlər üzrə komandaların gediş-gəliş, yerləşmə və yarışlarda iştirak məsələləri barədə məlumat veriblər. Azərbaycan Oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkə olacaq.

İclasda nümayəndə heyətinin vahid geyimi, tibbi təminatı, yerləşmə, nəqliyyat, qidalanma və digər mühüm məsələlər barədə məlumat verilib, federasiya nümayəndələrinin sualları cavablandırılıb. İclasda həmçinin İslam Həmrəyliyi Oyunlarının mediada işıqlandırılması məsələləri də müzakirə edilib.