Gənclər və idman naziri və “Zirə” Futbol Klubunun fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən ¼ final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək(1:0) yarımfinala vəsiqə qazanıb.
İyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Xatırladaq ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.