Beynəlxalq Buz Xokkeyi Federasiyası (IIHF) Rusiyanı 2023-cü ildəki xokkey üzrə dünya çempionatına ev sahibliyindən məhrum etmək barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, yarışın keçirilməsi üçün yeni ölkə müəyyənləşdiriləcək.
Beynəlxalq idman yarışının 2023-cü ilin mayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılmışdı. Məlumatda alternativ ev sahibi ölkənin gələn ay müəyyənləşdiriləcəyi bildirilir.
Fevralda IIHF özünün təşkil etdiyi yarışlarda Rusiya və Belarusun milli və klub səviyyəsindəki komandalarının iştirakını qadağan edib və Rusiyanın 2023-cü ildə azyaşlılar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu da əlindən alıb.
Xatırladaq ki, Rusiya qoşunları fevral ayının 24-dən Ukrayna ərazisinə hərbi müdaxilə edib. Döyüşlər bu gün də davam edir.