İyunun 11-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, toplantıda çıxış edən federasiyanın prezidenti Qabil Mehdiyev qurumun fəaliyyəti və gündəlikdə duran məsələlər barədə danışıb.
İclasda görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə elan edilən yazı müsabiqəsinin vaxtının uzadılması məsələsi müzakirə edilib. AİJF bəzi idman jurnalistlərinin müraciətlərini nəzərə alaraq, “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda müsabiqəyə yazıların qəbulu vaxtının 2 iyul - Beynəlxalq İdman Mətbuatı gününədək uzadılmasını qərara alıb.
Gündəlikdəki digər məsələ idman jurnalistləri arasında onlayn layihələrin həyata keçirilməsi olub. Bildirilib ki, belə layihələr idman jurnalistlərinin bilik və bacarıqlarının aşkar edilməsi və asudə vaxtlarının daha səmərəli təşkili ilə bağlıdır. Qərara alınıb ki, idman jurnalistləri arasında bir sıra onlayn layihələr həyata keçirilsin.