UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Şkendiya" oyunundan əvvəl mətbuat konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanov sabah oynanılacaq matçla bağlı fikirlərini bölüşüb:
"Vacib oyundur. Futbolçularla danışmışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk oyunun nəticəsinə görə, qalib gəlməyə layiqdir. Bizim bir balaca üstünlüyümüz var, hesabda 1:0 irəlidəyik və doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Çox ciddi 90 dəqiqə keçirməliyik".
Q.Qurbanov son transfer Joni Montieli dəyərləndirib: "Hələ ki hazır deyil. Ona bir az vaxt lazım olacaq. "10 nömrə" və hücumun sivri ucunda oynaya bilir. Eyni zamanda sağda da çıxış edə bilir. Bizdə ola bilər ki, fərqli mövqedə oynasın".
Qeyd edək ki, "Qarabağ" avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionda "Şkendiya"nı qəbul edəcək. İlk oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.



