“Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanov, futbolçular, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda İngiltərənin "Nyukasl" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu barədə fikirlərini bölüşüb: “2000-dən çox klubun arasında "24-lük"dəyik. Avropada bir çox klubların büdcəsi bizdən çoxdur. Bu, möcüzədir. "Qarabağ" gərgin qrafiklə oynayır. Futbolçular yorğun olmalarına baxmayaraq,  yüksək motivasiyaya sahibdirlər. “Nyukasl”la  oyunun vacibliyini bilirik. Nəticənin necə olacağını indidən demək mümkün deyil".

Klub prezidenti Misli Premyer Liqasında “Qarabağ”ın hədəfləri haqqında da danışıb:

"Əlbəttə ki, çempion olmaq istəyirik. Hazırda üç gündən bir oyun keçiririk. "Sabah" güclü rəqibdir, möhtəşəm heyət qurub. Azərbaycan çempionatının səviyyəsi ildən-ilə artır. Amma bəzi stadionların durumunu görəndə çox üzülürük. Klub prezidenti kimi arzulayıram ki, yaxşı infrastrukturumuz da olsun”.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç 21:45-də start götürəcək.