“Rəqib bəzi komponentlərdə bizi üstələsə də, futbolçularımız ən yaxşı oyunlarından birini göstərməyə çalışacaqlar”.

Offsideplus.az xəbər verir ki,  bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqası pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Nyukasl” matçı haqqında danışıb:

“Bu oyun təcrübə qazanmaq baxımından bizim üçün çox önəmlidir. Üstəlik, “Nyukasl” kimi köklü və güclü klubq qarşı oynayacağıq. Düzdür, hazırlığa çox az vaxtımız oldu. Lakin müşahidələrimə əsasən deyə bilərəm ki, futbolçularım bu matça çox məsuliyyətlə hazırlaşırlar.

Rəqibin bizə uyğun olmayan oyun üslubu var. Onlar rəqibə imkan verməməyi bacaran komandadır. Buna baxmayaraq, çalışacağıq ki, öz azarkeşlərimiz önündə cəsarətli və yaxşı oyun nümayiş etdirək”.

Qurbanov hər matçın xüsusi yanaşma tələb etdiyini vurğulayıb: "Hücumda olsaq belə, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı davranaq. Ancaq burada rəqibin ustalığını nəzərə almaq lazımdır.

Bu səbəbdən də bəzən buraxdığımız qolların sayı çox olub. Əgər nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiədə olsunlar.  Reallıq budur ki, rəqibin keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə iki oyunu da düşünməliyik”.

Qeyd edək ki, matç sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat  21:45-də start götürəcək.