Azərbaycan Basketbol Liqasında IX turdan təxirə salınan oyunda "Sabah" "Gəncə"ni 88:82 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra "Gəncə"nin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında matçla bağlı fikirlərini bölüşüb. Türkiyəli mütəxəssis bu sözləri deyib:
"Rəqibimizi mübarizə əzminə görə təbrik edirəm. Bir öncəki oyunda məğlub olduqları üçün bizimlə matçda buna qarşılıq vermək istədilər. Biz bir həftə ərzində həm "Şəki", həm də "Sabah" ilə görüşə hazırlaşdıq. Hər iki oyunda istədiklərimizi meydanda qoyduğumuzu deyə bilərəm. Heyətimizdə iki itki vardı. İtkilərə baxmayaraq məşqdə çalışdıqlarımızı reallaşdıra bildik. Daha bir qələbə qazanmaq mümkün idi. Buna çox da yaxınlaşdıq. Amma olmadı. Şans da "Sabah"ın tərəfində idi. Oyunçularımı təbrik edirəm. İlk mərhələni 3-cü sırada bitirməyi təmin etdik. Kubokda yarımfinaldan oynamaq haqqı qazandıq. Daha da yaxşısını edə bilərik. Bunu bilirik. Yaxşı komanda olduğumuza inanırıq. Mövsümün qalan hissəsini də yaxşı keçirməyə çalışacağıq. Bunun üçün əmək sərf edəcəyik. Bu gün qələbə qazanmaqla yeni ilə qalibiyyətlə yollanmaq, azarkeşlərimizi sevindirmək istəyərdik. Son olaraq azarkeşlərimizi bayramlar münasibətilə təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram".



