NBA-nın sabiq oyunçusu və 6 dəfə Ulduzlar matçının iştirakçısı olmuş Cermeyn O’Nil Golden State Warriors-da keçirdiyi son mövsüm (2013/2014) barədə danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli basketbolçu xüsusilə Stefan Kerri və Kley Tompsonun məşq zamanı nümayiş etdirdiyi peşəkarlığın onu heyran etdiyini bildirib:
“Stef və Kleyin məni heyrətləndirən cəhəti bu oldu: mən zalda olanda onlar həmişə fərqli səbətlərdə məşq edirdilər. Sadəcə dayanıb onları izləməyə başladım. Atışlar edirdilər və eyni zamanda səslə sayırdılar. Bəzən hesab qarışırdı, çünki top halqanı toxunaraq keçəndə həmin atışı saymırdılar. Soruşurdum: ‘Niyə bu atışı hesablamadın?’ Cavab verirdilər: ‘Əgər top halqaya toxunursa, bu düzgün atış sayılmır.’ Onların hər biri hər məşqdən əvvəl və sonra 100 üçlük atış edirdi".
O’Nil əlavə edib ki, bu gün Kerri və Tompsonun sərgilədiyi möhtəşəm atış bacarığı minlərlə təkrarla formalaşıb:
“Bu, ciddi və məqsədyönlü məşqlərin nəticəsidir. Komandada çoxlu gənc oyunçular olanda adətən rəqabət və fikir ayrılığı olur. Amma bu iki nəfər sanki bir bədənin iki hissəsi idi, ayrılmazdılar,” – deyə O’Nil "Out The Mud" podkastında bildirib.