Azərbaycanlı basketbol hakimləri bu yay keçiriləcək Avropa çempionatlarında müxtəlif yaş qrupları üzrə yarışlara təyinat alıblar.

Offsideplus.az xəbər verir ki, FIBA dərəcəsinə malik 4 referi – Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasya Slojenitsina iyul-avqust aylarında baş tutacaq beynəlxalq turnirlərdə oyunları idarə edəcəklər.

Ələkbər Həsənov 26 iyul – 3 avqust tarixlərində Serbiyada keçiriləcək U-18 oğlanlar “A” divizionunun, 8–16 avqust tarixlərində isə Gürcüstanda baş tutacaq U-16 oğlanlar “A” divizionunun oyunlarında söz sahibi olacaq.

Ruslan Xalıqov 5–13 iyul tarixlərində Albaniyada keçiriləcək U-16 oğlanlar “C” divizionuna, 15–23 avqust tarixlərində Rumıniyada təşkil olunacaq U-16 qadınlar “A” divizionuna və 25 iyul – 3 avqust tarixlərində Rumıniyada keçiriləcək U-18 oğlanlar “B” divizionuna təyinat alıb.

Urfan Bayramlı da U-18 oğlanlar arasında Rumıniyada keçiriləcək “B” divizionunun (25 iyul – 3 avqust), Türkiyədə U-20 qızlar arasında keçiriləcək “B” divizionunun (20–29 avqust) və Şimali Makedoniyada baş tutacaq U-16 oğlanlar “B” divizionunun (7–16 avqust) oyunlarında iştirak edəcək.

Anastasya Slojenitsina isə 4–13 iyul tarixlərində Litvada keçiriləcək U-18 qızlar “B” divizionunda oyunları idarə edəcək.