Yunanıstanın Saloniki şəhərində Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən təşkil olunan İllik Milli İnstruktur Klinikası (ANIC 2025) baş tutub.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov təmsil edib.

Klinika çərçivəsində Ələkbər Həsənov il ərzində keçirilən rəsmi oyunlarda yerli hakim idarəçiliyindən danışıb və həmçinin ölkə daxilində keçirilmiş hakimlik seminarları barəsində məlumat verib.

Beynəlxalq görüş zamanı qarşıdan gələn basketbol mövsümündə tətbiq olunacaq yeni qaydalar və onların hakim idarəçiliyinə təsiri ətraflı müzakirə olunub.

Eyni zamanda, 2025/2026 mövsümündə yerli hakimlər üçün təşkil ediləcək seminarların məzmunu və əsas istiqamətləri üzrə hakimlərə metodiki tövsiyələr verilib.

Qeyd edək ki, FİBA-nın təşkil etdiyi bu klinika beynəlxalq basketbol qaydalarının vahid şəkildə tətbiqinə, hakimlərin peşəkar hazırlığının artırılmasına və ölkələr arasında təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edir.