Los Angeles Lakers-in ulduz basketbolçusu Lebron Ceyms 2024/25 mövsümündə NBA-nın simvolik Birinci komandasına seçilməyib.
Offsideplus.az xəbər verir ki, liqa rəhbərliyi tərəfindən açıqlanan siyahıda 40 yaşlı forvard İkinci komandada yer alıb. Bu, Ceymsin karyerasında 21-ci dəfədir ki, All-NBA şərəfinə layiq görülməsidir. O, bu göstərici ilə NBA tarixində rekordçu mövqeyini daha da möhkəmləndirib.
Lebron 22-ci NBA mövsümündə 70 oyunda forma geyinib və orta hesabla 24.4 xal, 7.8 ribaund, 8.2 asist və 1 top oğurlama ilə çıxış edib. O, bu mövsümdə xallar üzrə 13-cü, ribaund üzrə 22-ci, asistlər üzrə isə 6-cı pillədə qərarlaşıb.
Təcrübəli forvard bu mövsüm həm də NBA tarixində 50.000-dən çox ümumi xal (regulyar və pley-off birlikdə) toplayan ilk oyunçu olub. Ceyms 49 matçda 20 və daha çox, 17 matçda isə 30 və daha çox xal toplayıb. O, bu göstərici ilə Maykl Cordanı geridə qoyaraq NBA tarixində ən çox 30 xallıq oyun keçirən oyunçu adına sahib çıxıb (571 dəfə).
Fevralın 6-da Golden State-ə qarşı keçirdiyi oyunda 42 xal toplayaraq 40 yaşında 40+ xal vuran ən yaşlı oyunçu kimi də tarixə düşüb.
Qeyd edək ki, Lebron Ceyms indiyədək 13 dəfə Birinci komanda, 4 dəfə İkinci komanda, 4 dəfə Üçüncü komandaya seçilib. O, bu illər ərzində Lakers, Cleveland Cavaliers və Miami Heat klublarının formasını geyinib. Karyerası ərzində 1562 oyuna çıxan Ceyms orta hesabla 27 xal, 7.5 ribaund, 7.4 asist və 1.5 top oğurlama ilə yadda qalıb.